Yaponiyanın Kitakyuşu şəhərində bədii gimnastika üzrə dünya çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan təmsilçilərindən Arzu Cəlilova və Zöhrə Ağamirova mübarizəyə qoşulublar. Onlar top və halqalarla çıxışlarını başa vurublar.
Cəlilova halqa ilə hərəkətlərə görə 21,350, topla proqrama görə 22,600 bala layiq görülüb. Arzu toplam 43,950 balla hələlik çoxnövçülükdə 21-cidir.
Ağamirova isə topla hərəkətlərdə hakimlərdən 21,400, halqa ilə çıxışa görə 21,150 bal alıb. 20 yaşlı gimnastımız 42,550 balla hazırda 24-cü pillədə qərarlaşıb.
Hər iki gimnastımız fərdi hərəkətlərdə bu gün baş tutacaq final mərhələsinə yüksəlmək şansını itirib.
Arzu və Zöhrə sabah gürz və lentlə məharətlərini nümayiş etdirəcəklər. Onlara digər təmsilçimiz Nərmin Bayramova da qoşulacaq.
Oktyabrın 29-da isə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası çıxış edəcək.
Qeyd edək ki, dünya çempionatına 47 ölkədən 170 gimnast qatılıb. Mundiala oktyabrın 31-də yekun vurulacaq.