
Bu gün UEFA Avropa Liqasında yeni tsikl start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ikinci klub turnirində təmsil edən "Qarabağ" İslandiyanın "Vestri" komandasını qəbul edib. Matç komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb (3:0).
Matçdan sonra keçirilən mətbuat konfransında rəqibin baş məşqçisi Daniel Osafo-Badu jurnalistlərin suallarını cavablandırıb:
"Mənim üçün çox çətin oldu. "Qarabağ" əsl keyfiyyət göstərdi. Buna baxmayaraq, oyunçularımdan məmnunam, çünki çox yaxşı müdafiə olunduq. Buraxdığımız 3 qoldan 2-si sırf öz səhvimiz nəticəsində qapımıza vuruldu."
- Növbəti matçda nələri dəyişmək istəyirsiniz?
"Bunu fikirləşməyə hələ vaxtımız var. Keyfiyyəti artırmalıyıq. Amma hər halda topla oyun tərzimizi müəyyən qədər yaxşılaşdırmışıq."
- Daxili çempionatda 2 heç-heçə və 1 məğlubiyyət almısınız. Demək olar ki, bütünlüklə bu oyuna köklənməyiniz yerli liqadakı bu uğursuzluğa səbəb olub?
"Xeyr, bununla əlaqəli deyil. "Qarabağ"la matç bizim üçün sadəcə böyük bir təcrübədir. Bizim əsas prioritetimiz öz liqamızdır. "
- Qeyd etdiniz ki, 3 qoldan 2-si səhv nəticəsində vurulub. Bəs komandanızda ümumilikdə razı qaldığınız məqam hansı oldu?
"Qarabağ" fantastik oyun nümayiş etdirdi. İlk hissə əgər 1:0 hesabı ilə bitsəydi, ikinci hissə bizim üçün daha fərqli keçə bilərdi."
Kamil Xudiyev