Bu həftə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası baş tutdu. Alınan qərara əsasən növbəti mövsümdə də Premyer Liqada 10 komanda olacaq. Baxmayaraq ki, komanda sayının artırılacağı gözlənilirdi. Eyni zamanda idman prinsiplərinə uyğun olaraq, "Qəbələ"nin Birinci Liqada çıxış edəcəyi dəqiqləşdi.
Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb İK-nın qərarları barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Fikrimcə, Premyer Liqada nə qədər çox komanda olsa, bir o qədər xeyirdir. Yerli gənc oyunçular üçün müxtəlif komandalara qarşı oynamaq inkişaf baxımından yaxşıdır. Ancaq burda bəzi məsələlər var. Az büdcə ilə mübarizə aparıb, axırıncı yeri tutaraq çempionatdan çıxmaqdansa, komandanın Premyer Liqada iştirak etməməsi daha məqsədəuyğundur. Ortada "Şamaxı" nümunəsi var.
AFFA prezidentinin qərarla bağlı açıqlamasında infrastruktur yetərsizliyi, hakim sayının kifayət etməyəcəyi ilə bağlı açıqlaması ilə tanışam. İnfrastruktur baxmından tamamilə razıyam. Bu məsələ AFFA-da müzkirə olunmamışdan əvvəl biz aşağı yaş qruplarında infrastrukturla bağlı çətinlikləri gördük. Demək olar ki, bütün komandaların futbol oynamağa imkanları aşağı idi. İnfrastruktursuz komandanın Premyer Liqaya gəlməsi mənasızdır.
Hakimliyə gəlincə, düşünürəm ki, indiyə qədər bu məsələni inkişaf etdirməliydilər. Hər halda, ən böyük problem hakimliklə bağlı deyil. İnfrastruktur və maliyyə problemi daha ön plandadır.
"Qəbələ"nin Premyer Liqanı tərk etməsinə üzülürəm. Bu cür şəraiti olan klubun çempionatı tərk etməsi üzücüdür. Əgər biz hər zaman idman prinsiplərini qoruyub saxlayacağıqsa, bunu anlamalıyıq. "Qəbələ"nin sonuncu yer tutması öz günahıdır. Yetərincə xallar toplaya bilmədilər. Axırıncı yeri tutursansa, Birinci Liqaya düşməlisən. Əslində, bu, "Qəbələ"nin inkişafı üçün xeyirinə ola bilər. Qarşısına məqsəd qoyan klub Birinci Liqaya düşməsinə baxmayaraq, yenidən mübarizə aparıb Premyer Liqaya gəlirsə, bu klubun dəyərlərinin yüksək olması deməkdir. Biz bunu İtaliya və İngiltərədə görmüşük. İtaliyada "Yuventus"un elitadan düşüb sonradan yüksələrək çempion olması nümunəsi də xoş örnəkdir. "Qəbələ"nin Birinci Liqaya düşməsi onun dağılması demək deyil. Hər dəfə Premyer Liqa təmsilçisi Birinci Liqaya düşüb dağılacaqsa, onda bizdə futbol inkişaf etməyəcək".
Nahid Ustaclı