
"Mövsümün ilk üç turuna nəzər salsaq, həm müsbət, həm də üzərində işləməli olduğumuz məqamları görə bilərik".
Bu sözləri Fanat.Az-a açıqlamasında "Zaqatala"nın kapitanı Sərxan Abdullayev deyib.
İlk 3 oyunda 4 xal qazanan bölgə təmsilçisinin ən yaşlı futbolçusu vəziyyəti belə dəyərləndirib: "İlk oyunda Mingəçevir səfərində idik. Çox yaxşı oyun sərgilədik. Nəzərə alsaq ki, komandamız gənc oyunçulardan ibarətdir və uşaqların bəziləri üçün bu, Birinci Liqada ilk təcrübə idi, səfərdən 1 xalla qayıtmaq bizim üçün pis başlanğıc deyildi. Növbəti turda "Baku Sportinq"ə qarşı oyunumuz isə komandamızın əsl potensialını ortaya qoydu. Meydanda tam üstün, inamlı bir oyun nümayiş etdirdik və haqq etdiyimiz 3 xalı qazandıq. Üçüncü turda "Karvan-Yevlax"a qarşı səfər qarşılaşmasına da əslində, çox yaxşı, istəkli başlamışdıq. Lakin təəssüf ki, hələ 6-cı dəqiqədə azlıqda qalmağımız bütün planlarımızı pozdu və oyunun gedişatını tamamilə dəyişdi. Çox erkən 10 nəfərlə qalmaq ağır durum idi və nəticədə məğlubiyyətlə barışmalı olduq. Amma bu məğlubiyyət komandanın ruhdan düşməsinə səbəb ola bilməz. Hazırda bütün fikrimiz gələcək oyunlara yönəlib. Bizim məqsədimiz yalnız Birinci Liqada qalmaq deyil. Biz turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparırıq və mövsümün sonunda məhz o yuxarı yerlərdə qərarlaşmaq istəyirik. Komandamızın xarakteri və potensialı uğurlu nperformans sərgiləməyə imkan verir. Növbəti oyunlarda da bunu meydanda sübut edəcəyik".
Nihat