
Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz"in mətbuat xidməti açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, gəncəlilər klubun Müşahidə Şurasının üzvü Həmid Nəsirovla bağlı yayılan son informasiyaları yalanlayıb:
“Bu gün bəzi saytlarda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvü Həmid Nəsirovun Baş Prokurorluq tərəfindən guya saxlanıldığı və dindirildiyi haqqında həqiqətə uyğun olmayan məlumatlar paylaşılıb.
Həmid Nəsirov həm klubun Müşahidə Şurasının üzvü, həm də baş idarənin rəisi kimi öz işini davam etdirir. “Kəpəz”in Premyer Liqada mübarizəyə hazırlaşdığı dövrdə Həmid Nəsirov daim kluba dəstək verir, qayğıları ilə maraqlanır, diqqət göstərir. Yeri gəlmişkən, sabah Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində Həmid Nəsirovun təşəbbüsü ilə U-13 liqasının bürünc mükafatçısı olan komandanın üzvləri ilə görüş keçiriləcək. Həmin görüşdə futbolçular və məşqçilər mükafatlandırılacaqlar”.