
Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldunun nüfuzunu göstərən maraqlı hadisə üzə çıxıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Məlumata görə, Uels millisinin baş məşqçisi Kreyq Bellami Portuqaliya ilə oyun öncəsi mətbuat konfransında Ronaldoya bağlı diqqətçəkən əhvalat danışıb. O, hadisənin Vinsent Kompaninin “Börnli”də köməkçisi olduğu dönəmdə baş verdiyini bildirib.
Bellaminin sözlərinə görə, komanda mövsümöncəsi hazırlıq çərçivəsində Lissabona səfər edib. Hava limanına çatanda isə futbolçular və məşqçilər gözlənilməz mənzərə ilə qarşılaşıblar. Ərazidə çox sayda polis və polis avtomobili olub, hava limanının bəzi hissələri tamamilə bağlanıb.
“Börnli”nin heyəti əvvəlcə ciddi təhlükəsizlik problemi yarandığını düşünüb. Komandanın avtobusdan enməsinə də icazə verilməyib və onlar təxminən 10-15 dəqiqə gözləməli olublar.
Bir müddət sonra səbəb məlum olub. Əraziyə gələn avtomobildən bir nəfər düşərək baqajdan çanta götürüb və həmin şəxs Kriştianu Ronaldu olub. Portuqaliyalı ulduz güclü polis müşayiəti altında hava limanından keçib.
Bellami həmin mənzərənin komanda üzvlərini heyrətləndirdiyini deyib. Onun sözlərinə görə, hətta bəzi polis əməkdaşları Ronaldu ilə şəkil çəkdirib.
“Bütün bir hava limanını necə bağlamaq olar? Kardiff hava limanında kompüterimi gömrükdən keçirmək belə asan deyil. Gördüyüm mənzərə inanılmaz idi. Bu hadisəni ona görə danışıram ki, Ronaldunun nə qədər böyük ulduz olduğunu göstərir. O, sadəcə superulduz deyil, bundan daha böyükdür”, – deyə Bellami bildirib.
Bellami və Ronaldu sonuncu dəfə 2008-ci ilin oktyabrında futbolçu kimi üz-üzə gəliblər. Həmin qarşılaşmada Kriştianu “Mançester Yunayted”in heyətində “Vest Hem”ə qarşı iki qol vurub.
Ronaldu 2026-cı il dünya çempionatının onun son mundialı olacağını açıqlasa da, peşəkar karyerasını nə vaxt başa çatdıracağı ilə bağlı dəqiq tarix açıqlamayıb.
Əlisahib İbrahimli