
Futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasında ilk oyununu Qazaxıstan seçməsinə qarşı keçirəcək.
Fanat.Az-ın məlumatına görə, sözügedən ölkənin "sports.kz" saytı yığmamızın baş məşqçisi Canni De Byazidən müsahibə alıb.
65 yaşlı mütəxəssis millimizin Qazaxıstanla oyuna hazırlığından bəhs edib:
- Ölkəmdə belə deyirlər ki, yaxşı başlayanlar artıq öz işinin yarısını həll etmiş olur. Bilirik ki, səfərdə yaxşı komandaya qarşı uğurlu start asan olmayacaq. Amma həm özümüz, həm Azərbaycan xalqı, həm federasiya, ən əası isə bayrağımız üçün oradan üç xalla dönməliyik.
- İyunda bu qrupun komandaları 10 günə 4 oyun keçirəcəklər. Təqvim haqqında nə düşünürsünüz?
- Bilirəm ki, qısa müddətdə çoxlu səyahətlə dörd görüş keçirmək asan olmayacaq. Dincəlmək lazımdır, lakin bu, mümkün deyil. Bununla belə, beynəlxalq təqvim çox sıxdır.
- Azərbaycan millisinin açıqlanan ilkin heyətində cəmi 15 futbolçu yer alıb. Bu, nə ilə bağlıdır?
- Çünki mayın 27-də ölkə kubokunun final matçı var idi və mən bu qarşılaşmada iştirak edən futbolçuların konsentrasiyasını pozmaq istəmədim.
- Qazaxıstan yığmasının heyətində kimləri fərqləndirərdiniz?
- Adətən ümumi komandaya baxıram. Futbolçuların fərdi keyfiyyətlərini və oyun tərzini ictimaiyyət qarşısında müzakirə etmirəm. Qazaxıstan millisi yaxşı oyunçuları olan komandadır.
- Millətlər Liqasında Azərbaycan yığmasının qarşısına hansı vəzifə qoyulub?
- Bacardığınız qədər irəli getmək.
- Sizcə, qrupumuzun favoriti hansı komandadır?
- Slovakiya millisi.