Avropa Liqasının qrup mərhələsində dördüncü oyununa çıxan "Qarabağ" doğma meydanda Almaniyanın "Bayer Leverkuzen" komandasına 0:1 hesabı ilə uduzdu. "Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb Bundesliqa təmsilçisi ilə matçı dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Əslində belə bir oyun olacağını gözləyirdim. Bakıda Almaniyada baş tutan oyunun ssenarisi təkrarlanası deyildi. Hər iki komanda doğru strategiya seçmişdi. Bu oyun üçün bərabərlik ədalətli nəticə olardı. "Qarabağ" 1 xal qazansaydı, demək olar ki, qrupdan çıxmağı təmin edəcəkdi. "Bayer" son dəqiqələrdə sürəti artırdı və səhvlərə yol verildi. Maksim qəsdən əllə oynamadı. Eyni hal axşam "Dinamo Zaqreb"in oyununda da oldu. Bizim azarkeşlər çox qəddardır. Demək olar ki, bütün dünya ulduzlarında belə hallar baş verib. Bu, futboldur. İdeal ola bilməzsən. Penaltiyə gəlincə, ədalətli qərar idi".
Nahid Məmmədov