Ötən həftə UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Bu mərhələdə təmsilçimiz "Qarabağ"ın rəqibi "Bayer Leverkuzen" olub. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb "köhlən atlar"ın şanslarını dəyərləndirməsini istədik.
"Şöhrət" ordenli mütəxəssisin Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Qarabağ"ın "Bayer Leverkuzen"lə düşməsi yaxşı oldu. Bu rəqibə qarşı oynamışıq, zəif və güclü tərəflərini bilirik. "Bayer" hazırda Almaniya Bundesliqasında liderdir. Amma digər rəqiblər də güclü idi. 1/8 finala çıxan bütün klublar güclüdürlər. Eyni zamanda "Qarabağ" da güclüdür. Bu dueldə iki baş məşqçinin taktiki gedişlərindən çox şey asılı olacaq. Mən "Qarabağ"ın evdə yaxşı oynayacağına inanıram. Məsələ mərhələ adlamaq deyil. Ağdam klubu bu oyunlarda öz oyun üslubunu sərgiləyəcək".
Qeyd edək ki, "köhlən atlar" "Bayer"ə qarşı ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını isə 14-də səfərdə keçirəcək.
Nahid Ustaclı