"Bayer Leverkuzen"in hücumçusu Viktor Bonifase Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı oynamayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.
Mənbə ötən aya zədələnən 23 yaşlı hücumçunun hələ kollektiv məşqlərə qoşulmadığını və aprelə qədər komandasının sıralarına qayıda bilməyəcəyini vurğulayıb.
Bu isə o deməkdir ki, Bonifase "Qarabağ"la hər iki oyunu buraxacaq.
Almaniya klubunun digər zədəli futbolçusu - argentinalı yarımmüdafiəçi Ezekiel Palasios isə təmsilçimizlə görüşlərə qədər hazır olacaq.
Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə olacaq. "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib. Bonifase qrup mərhələsində Ağdam təmsilçisi ilə hər iki görüşdə qol vurub.