Müharibə müharibədi, futbol isə qrafik üzrə davam edən həqiqət!
Dəyişməz əsgər qanunları ilə yanaşsaq, müharibə gəldigedər, idman isə əbədidi... Uzaq keçmişdə Olimpiya oyunları zamanı savaşlara fasilə verilir, hamı diqqətini idmana yönəldirdi.
Hə, indi dünya çempionatının püşkatmasından danışmaq dəmidi. Azərbaycan millisinin rəqibləri bəllidi. Yığma Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. Portuqallar və serblərlə üz-üzə gəlmişik. "Cırtdanlar” isə bu il qarşılaşdığımız komandadı. Təəssüflər olsun ki, adıçəkilən rəqiblərin heç birindən üstün deyilik. Uzaq keçmişdə Serbiya ilə səfərdə 2:2 hesablı heç-heçə etmiş, "Şəfa”stadionunda isə bu rəqib üzərində 2:1 hesablı qələbə qazanmış milli Portuqaliyadan da Luiş Fiqu dönəmində Bakıda xal almış kollektivdi. Ancaq razılaşaq ki, bu gün həmin təsellliverici faktlar prizmasından çıxış etməyə haqqımız çatmır...
"Sirli qutu” İrlandiyadı. Milli irlandlarla heç vaxt üz-üzə gəlməyib. Düzdü, U-21-in 2017-ci ildə bu ölkədən olan həmyaşıdlarıyla uğursuz görüşü olub. Bununla belə, yada saldığım reallığı da əldə bayraq etmək absurddu. Yeni tsikldən danışırıqsa, yeni ümidlərə tapınmaq çox önəmlidi.
Azərbaycan yaşıl meydanlara qalib ruhla atılmalı, yeni sınaqlardan üzüağ çıxmağın yollarını aramalıdı. Niyə də yox? Ən azı cəhd etməyə dəyər. Təki lazımlı adamlar lazım gələn anda lazımi yerdə olsun. İndilik ən yaxşısına ümid edək. Sonrası daha asan olacaq.
Eksklüziv olaraq Fanat.Az üçün