Misli Premyer Liqasının 5-ci turunda "Neftçi"yə 0:3 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa mətbuat konfransına qatılmamışdı. Belaruslu mütəxəssisin köməkçisi Rail Məlikov jurnalistlərə açıqlamasında Baqanın səhhətində problem yarandığını dilə gətirmişdi. 41 yaşlı mütəxəssisin durumunun nə yerdə olduğunu öyrənmək üçün "Sumqayıt"ın düşərgəsi ilə əlaqə saxladıq.
Klubun mətbuat katibi Rəşad Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu: "Baş məşqçi oyunun gedişatına və nəticəyə görə əsəbləşmişdi. Belədə təbii olaraq, özünü pis hiss edirdi. Mənə dedi ki, mətbuat konfransında iştirak edə bilməyəcəyəm. Ona görə köməkçisini mətbuat konfransına gətirdim. Oyunun stresi keçib gedəndən sonra baş məşqçi sakitləşdi, özünə gəldi. Hazırda səhhəti qaydasındadır. Yəni ciddi problemi yoxdur".
İlk beş turda qələbə qazana bilməyən, üstəlik, rəqib qapılarına bir qol belə vurmayan "Sumqayıt"ın baş məşqçisinin istefası da gündəmdədir. Hətta "Neftçi" ilə oyundan sonra Baqanın istefa verməsi haqda mətbuatda xəbər yayılmışdı. Klubun mətbuat katibi bu məsələyə də aydınlıq gətirdi: "Baqa istefa verməyib və işinin başındadır. Hazırda komanda onun rəhbərliyi altında məşq edir. Yəni bu an etibarilə istefa gündəmdə deyil".
Mirağa