Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən Qazaxıstan ağırlıqqaldırma millisinin əslən azərbaycanlı üzvü Nicat Rəhimov sərt cəzalandırılıb.
Fanat.Az "Matc TV"yə istinadən xəbər verir ki, 28 yaşlı idmançı 8 il müddətinə diskvalifikasiya olunub. O, həmçinin Olimpiya Oyunlarında qazandığı qızıl medaldan məhrum edilib.
Xatırladaq ki, Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb. Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.
Rəhimov 2010-cu ildə Azərbaycan bayrağı altında Sinqapur-2010 yeniyetmələrin ilk Yay Olimpiya Oyunlarının qızıl, 2013-cü ildə Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatının isə gümüş medalçısı olub. 2014-cü ildə Qazaxıstan vətəndaşlığına keçən idmançı növbəti il Hyustonda keçirilən dünya çempionatının baş mükafatına yiyələnib, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.