
Dünən UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə üz-üzə gələn "Qarabağ" 3:0 hesablı qələbə qazanaraq cavab qarşılaşması ərəfəsində böyük üstünlük qazandı. Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş barədə fikirlərini bölüşməsini xahiş etdik.
47 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Bu yay "Qarabağ"dan gedənlər ötən mövsüm tarix yazan komandanın bir parçası idilər. İstər Kamilo Duran olsun, İstər Kevin Medina, istər Leandro Andrade, istərsə də digərləri... Buna baxmayaraq, yenilənmə qaçılmazdır. Bunu dünyanın top klublarında da görürük. "Qarabağ" bu yay transferlərə Azərbaycanın klub futbolu tarixinin ən böyük büdcəsini ayırıb. Səkkiz səviyyəli oyunçu ilə gücləniblər.
Dünənki oyunda yeni futbolçulardan üçü start "11-lik"də yer almışdı. Yalnız onlar yox, sonradan meydana çıxanlar da səviyyələrini ortaya qoydular. Üç qoldan ikisini yeni transferlər vurdu. Açığı, rəqibə nə qədər hörmət etsək də, "Vestri" ilə "Qarabağ"ı bir tərəziyə qoymaq düzgün deyil. Böyük hesablı qələbə gözləniləndi. Məncə, təmsilçimiz səfərdə də böyük əziyyət çəkmədən qələbə qazanacaq.
Əlbəttə, yenilərə bir oyuna görə dəqiq qiymət vermək olmaz. Həm komandanın oyun tərzinə, həm gəldikləri ölkəyə uyğunlaşmaları üçün müəyyən vaxt lazımdır. Ümid edək ki, mümkün qədər tez uyğunlaşacaqlar. "Qarabağ"dan əvvəllər də önəmli futbolçular gedib və onların yerlərinə gələnlər daha yaxşı performans sərgiləyiblər. Yenilərin bu dəfə də uğurlu olacaqlarını gözləyirəm. Hər biri keyfiyyətli oyunçudur".
Nihat