Bakı "İnter"inin yetirməsi olan Mixail Xodukin hazırda yaşadığı Ukraynanın Lvov şəhərində məşqçilik fəaliyyətinə başlayıb.
2008-ci ildə artıq tarixin yaddaşına qovuşmuş (əvvəl "Keşlə" olan "Şamaxı" bu klubun formal varisidir) "İnter"ə ilk çempionluğunu qazandıran, sonradan uzun müddət "bankirlər"in Uşaq Gənclər Futbol Məktəbinə rəhbərlik edən Valentin Xodukinin nəvəsi "Lion Club"da çalışır.
20 yaşlı Xodukin Fanat.Az-a açıqlamasında həm müharibə şəraitində olan Ukraynadakı məşqçilik fəaliyyətindən və hədəflərindən danışıb:
"Rusiyanın Ukraynaya hücumunun gündəlik həyata və futbola nə dərəcədə təsir etdiyi bəlli həqiqətdir. Son vaxtlar Lvovda sakitçilikdir. Düzdür, ara-sıra həyəcan siqnalları məşq prosesini pozur. Amma insanların tərk etdikləri şəhərə qayıtması ümidvericidir.
Məlum səbəbdən D kateqoriyasını nəzərdə tutulan vaxtdan bir qədər gec aldım. Hazırda "Lion"da işləyirəm. Bugünlərdə klubun 2016-cı il doğumlu uşaqları ilə turniri də qatılmışdıq. Düzdür, 8 komanda arasında 7-ci olduq. Amma bütün iştirakçıların bizim uşaqlardan 1 yaş böyük olduğunu nəzərə alsaq, məqsədimizə çatmış sayılırıq. Bu yaş qrupunda ikinci məşqçi ilə - Danila Kovalçukla birgə çalışırıq. Uşaqlarla işləməkdən zövq alıram".
Mixail nə vaxtsa Azərbaycanda çalışmaq istədiyini də söyləyib: "Azərbaycan mənim ikinci vətənimdir. Bunu həmişə demişəm. Siyasi səbəblər üzündən futbolçu olaraq "artıra" bilməsəm də, gələcəkdə fəaliyyətimi Azərbaycanda davam etdirmək variantı yaransa, mütləq dəyərləndirəcəyəm. Əsas odur ki, işimi sevirəm və özümü başqa sahədə təsəvvür edə bilmirəm. Bilmək olmaz, bəlkə nə vaxtsa mən də babam kimi hansısa klubla Azərbaycan çempionu oldum".
Nihat