
Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Mundo Deportivo" nəşri: "Braziliyalı müdafiəçi Dani Alves La Liqada qala bilər. Futbolçunun agentləri ona "Malyorka"ya keçməyi təklif edib".
"Bild" nəşri: "Herta" "Spartak"ın yarımmüdafiəçisi Aleks Kralla maraqlanır. Çexiyalı futbolçu 2021/22 mövsümünü icarə əsasında "Vest Hem"də keçirib və Rusiyaya qayıtmaq fikrində deyil".
Canluka Di Martsio və Fabritsio Romanodan xəbərlər:
"David Neres "Şaxtyor"dan "Benfika"ya keçəcək. Müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub".
"Alvaro Morata "Atletiko Madrid"ə qayıdır".
"Fulhem" Joau Palinya üçün "Sportinq"ə 18 milyon avro ödəyəcək. Futbolçuya "Vulverhempton"dan da təklif var".
"PSJ Milan Şkrinyar üçün Yulian Draksler və ya Tilo Kereri + 50 milyon avro təklif etib. Lakin "İnter" bu təklifi geri çevirib. Milanlılar 80 milyon avro istəyir".
"Sabah "Çelsi" və "Inter" Romel Lukaku ilə bağlı yeni görüş keçirəcək".
"Yuventus" Di Mariyaya iki illik müqavilə təklif edib. Argentinalı isə birillik müqavilə istəyir. Turin klubu təklifi dəyişib. Ona müqavilə müddətini daha bir il uzatmaq ehtimalı ilə mövsümün sonuna qədər klubda qalması təklif olunub. Di Mariya yaxın günlərdə qərar verəcək".
"Atalanta" Nunu Tavareşlə maraqlanır. "Arsenal" bu futbolçunu icarəyə vermək istəyir".
"Roma" və "Lill" Zeki Çeliklə bağlı cümə günü yenidən görüş keçirəcək. Roma klubu futbolçu üçün 5,5 milyon avro təklif edir, "Lill"in tələb isə 8 milyon avrodur".
"Divok Oriqi tibbi müayinədən keçmək və "Milan"la müqavilə bağlamaq üçün gələn həftə İtaliyaya uçacaq".
"Mutko Protiv" "Telegram" kanalı: "Hücumçu Artyom Dzyuba "Fənərbağça" ilə müqavilə imzalamağa yaxındır. Maaş Dzyubanın "Zenit"də aldığından çox da fərqlənməyəcək. Müqavilənin müddəti iki illik nəzərdə tutulacaq. Dzyuba ötən gün Türkiyəyə gedib".
"Olimpiakos" klubunun rəsmi saytı: "37 yaşlı yarımmüdafiəçi Matyö Valbuena "Olimpiakos"la müqaviləsinin müddətini 2022/23 mövsümünün sonuna qədər uzadıb"
"Fənərbağça" klubunun rəsmi saytı: "27 yaşlı vinger Bruma icarə əsasında PSV-dən "Fənərbağça"ya keçib".
Emin Şəmsiyev