
Dünən futbol üzrə I Divizionun açılış turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, "Turan Tovuz-2" komandası "Şamaxı-2"ni 1:0 hesabı ilə məğlub edərək ilk 3 xalını elə birinci turda qazanıb.
Tovuz klubunun baş məşqçisi Nizami Ocaqverdiyev saytımıza verdiyi açıqlamada yetirmələrinin I Diviziona nə dərəcədə hazırlıqlı olduğu barədə danışıb:
"Çempionata hazırlığımız lazımi səviyyədə keçib. Nə dərəcədə hazır olduğumuzu gələcək oyunlarımız göstərəcək.
"Turan Tovuz-2"nin heyətini əsasən akademiyanın (Turan Tovuz Akademiyası) futbolçuları təşkil edir. Onları komandaya cəlb edərkən seçim edirik. I Divizionda çıxış etmək səviyyəsinə çatan oyunçular heyətimizə cəlb olunur.
Çempionatdakı komandalardan kimin daha çox potensiala malik olduğu hələ bəlli deyil. Düşünürəm ki, 3-4 turdan sonra hansı klubun daha iddialı olacağını müəyyən etmək mümkün olacaq.
İştirak edəcəyimiz turnirdə "Araz-Naxçıvan", "Qaradağ-Lökbatan", "Zaqatala" və digər təcrübəli komandalar var. Əminliklə deyə bilərəm ki, "Turan Tovuz-2" bü gün həmin klublara qarşı mübarizə aparmaq üçün tam olaraq hazırdır".
Emin Şəmsiyev