
“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının 13-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı belə danışıb:
“Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Bu, çox vacibdir. İki gün əvvəl klub prezidenti ilə çox yaxşı görüşümüz oldu. Ona söz verdik ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bu gün oyun bir qədər gərgin başladı. “Araz-Naxçıvan” güclü komandadır, yaxşı hücum potensialına malikdir. Oyunun əvvəlində bizdə həyəcan var idi. Buna görə top itkilərinə yol verdik. Qol vurduqdan sonra sakitləşdik və daha rahat oynamağa başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. İkinci hissəyə yaxşı başladıq. Rəqibə qol imkanı vermədik. Biz çoxlu qol epizodları yaradırıq. Amma onlardan yararlana bilmirilk. Bu gün gördüm ki, bizim potensialımız daha çoxdur. Hələ bir oyun udmuşuq. Qarşıda çox oyun var. Bu qələbədən düzgün nəticələr çıxarmalıyıq”.