
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycan millisi iki gün sonra UEFA Millətlər Liqasında yeni səhifə açacaq. 2024/25 mövsümünün nəticələrindən sonra D Liqasına yuvarlanan yığma bu dəfə bir pillə yuxarı qalxmaq üçün mübarizə aparacaq. Qarşıda konkret hədəf var: Bu qrupdan qalib çıxmaq, AÇ pley-offuna şans saxlamaq. Bunun üçün Litva və Lixtenşteyn kimi özümüzə bab rəqibləri üstələməliyik. İlk duel sentyabrın 27-də səfərdə Litva ilə baş tutacaq. Yığmamızı qarşıdakı 10 gündə 3 oyun gözləyir...
Ayxan Abbasov üçün əsas imtahan
Ayxan Abbasovun rəhbərliyi altında meydana çıxacaq millinin qarşıdakı oyunları əvvəlkilərdən fərqli məna daşıyır. Yarımçıq seçmə mərhələ, o cümlədən yoxlama görüşləri və hazırlıq prosesi artıq keçmişdə qalır. İndi isə nəticənin ön plana çıxdığı rəsmi, bütöv tsikl başlayır. Baş məşqçi üçün bu, həm komandanın oyun fəlsəfəsini, həm də qısa müddətdə düzgün heyət və taktiki seçimlər etmək bacarığını göstərmək baxımından mühüm mərhələdir. Məhz bu oyunlar Abbasovun "boyuna biçiləcək", indi və gələcəkdə onun adı ilə bağlanacaq. Bir növ, Millətlər Liqası onun üçün ən ciddi sınaqdır.

İtkilər, optimal formada olmayan futbolçular
Millinin heyətlə bağlı müəyyən problemləri var. Xüsusilə də Bəhlul Mustafazadə və Elvin Cəfərquliyevin yoxluğu baş məşqçinin seçim imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, heyətdə yer alan bir sıra futbolçuların da klublarında optimal formada olmaması diqqət çəkir. Bəzi oyunçular kifayət qədər oyun praktikası əldə edə bilmir, bəziləri isə mövsümün bu mərhələsində hələ ən yaxşı vəziyyətinə çatmayıb. Adlarla danışsaq, zədədən yeni dönən Bədavi Hüseynov, "Bursaspor"da arzuolunmaz duruma düşən Toral Bayramov bu qəbildəndir. Mahir Emreli isə Polşada qolları sıralamasına rəğmən, "Rakuv" "qara zolaq"dadır və bu, futbolçumuzun psixoloji durumuna təsirsiz ötüşməyə bilməz. Bu amillər Abbasovun qarşısında əlavə suallar yaradır. Əsas məsələ isə mövcud imkanlardan maksimum yararlanaraq nəticə verən komanda formalaşdırmaqdır.
Gənclər üçün şans
Millidə diqqətçəkən məqamlardan biri də gənc futbolçuların heyətə daha çox cəlb olunmasıdır. Həftəiçi Tacikistanla baş tutan yoldaşlıq görüşündə iki futbolçu millidə debüt etdi. Edqar Adilxanovla Fərid Yusifli ikinci hissədə meydana çıxaraq, ilk dəfə yığmanın formasını geydilər. Bununla milli tarixində komandanın formasını geyinən futbolçu sayı 295-ə çatıb. Onlardan başqa, adı "30-luq"da olan qapıçı Rəvan Mirzəmmədov də debüt şansı gözləyir. Heyətdə cəmi 10 ay əvvəl ilk oyununa çıxan Mustafa Əhmədzadə kimi gənc də var.
Yeni simaların komandaya inteqrasiyası bir neçə oyunun nəticəsindən daha uzunmüddətli məqsədə xidmət edir. Millətlər Liqası gənc futbolçuların özünü göstərməsi və beynəlxalq səviyyədə təcrübə qazanması, bu baxımdan qarşıdakı oyunlar gələcək milli komandanın konturlarını müəyyənləşdirmək üçün fürsətdir.

Belədə təcrübəli futbolçuların üzərinə daha çox yük düşəcək. Bu mənada "Sabah"la Çempionlar Liqasında tarix yazan Aleksey İsayev, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Abdullah Xaybullayev, o cümlədən ötən mövsüm "Qarabağ"la iz açan Bədavi Hüseynov, Musa Qurbanlı, Toral Bayramov, uzun müddət legioner həyatı yaşamaqla kifayət qədər təcrübə toplayan Mahir Emreli, Renat Dadaşov, Anton Krivotsyuk, eləcə də Vüsal İsgəndərli, Cəlal Hüseynov, Rüfət Abdullazadənin hər biri güvəniləcək isimlərdir.
D Liqasının son dövrü
Bu Millətlər Liqasını fərqli edən başqa məqam isə UEFA-nın 2028-ci ildən tətbiq edəcəyi yeni formatla bağlıdır. 2026/27 bir növ keçid tsikl hesab olunur. 2028/29 mövsümündən etibarən Millətlər Liqası üç liqadan ibarət olacaq və D Liqası ayrıca liqa kimi mövcud olmayacaq. Bu səbəbdən Azərbaycan üçün hazırkı yarış yalnız bir pillə yüksəlmək məsələsi deyil. D Liqasının qalibi olmaq komandanın növbəti formatda daha yüksək reytinqdə təmsil olması baxımından xüsusi əhəmiyyət daşıyır. Beləliklə, qarşıdakı görüşlər milli üçün həm nəticə, həm də gələcək baxımından vacib mərhələdir. Bir tərəfdə C Liqasına qayıtmaq hədəfi, digər yandan, yeni formatın yaratdığı dəyişikliklərdən irəli gələn zərurət, nəhayət, gənc futbolçulardan yeni komanda formalaşdırmaq öhdəliyi var. Qarşıdakı oyunlar bu yolun ciddi konturları olacaq.

Xatırladaq ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də saat 17:00-da “Darius and Girėnas” stadionunda Litva, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da "8-ci km" ("Neftçi Arena") stadionunda Litva yığması ilə qarşılaşacaq. Tsiklə 13 noyabrda Vadutsdakı "Rheinpark" stadionunda Lixtenşteynlə baş tutacaq oyunla yekun vurulacaq.
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
