
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında keçirdiyi ilk matçında Litva ilə bərabərə qaldı. "Darius və Girenas stadionu"nda baş tutan görüşdə 1:1 hesabı qeydə alındı.
Fanat.Az xəbər verir ki, yığmamızın qapısına vurulan qol müzakirəyə səbəb oldu.
Litva cəmi doqquz dəqiqədən sonra hesabı penaltidən açdı ki, hakimin qərarı mübahisəlidir.
Futbolçularımız müdafiədən çıxarkən səhvə yol verdilər və beləliklə, Qvidas Gineitis topla cərimə meydançasına daxil oldu. Bu zaman o, Emil Səfərov və Abdulla Xaybullayev ikilisinin arasından çıxmaq istərkən yerə yıxıldı ki, hakim tərəddüd etmədən "ağ nöqtə"ni göstərdi. İlk baxışdan elə göründü ki, Emil rəqibə qarşı sərt oynayır. Rəqibi öndən qarşılayan yarımmüdafiəçimiz "15 nömrə"ni dayandırmağa çalışsa da, topa toxuna bilmədi. Ancaq Səfərov rəqibin ayağına da dəymədi, əksinə, litvalı futbolçu onun ayağını tapdaladı. Yığmamızın üzvləri məhz bu məqama görə hakimə etiraz bildirsələr də, kiprli referi Xaybullayevin arxadan rəqib futbolçunun köynəyindən dartdığına işarə etdi və qərarını dəyişmədi. Halbuki, Xaybullayev rəqibin köynəyindən bir an tutub əlini çəkdi və burada güc tətbiqindən söhbət gedə bilməzdi. Üstəlik, rəqib oyunçu da yerə yıxılarkən ayağından zərbə almış kimi davrandı. Yəni o, arxadan dartıldığını hiss etmədi. Nəticədə Armandas Kuçis penaltidən hesabı açdı. Bəlkə də bu epizod oyunun sonuna təsadüf etsəydi, hakim "11 metrə" verməkdən çəkinərdi...
Yaxşı ki, Mahir Emrelinin 14-cü dəqiqəyə təsadüf edən qolu görüşün yekun nəticəsini müəyyənləşdirdi və millimiz seçmə mərhələyə 1 xalla başladı.
Ümumilikdə, heç-heçəyə görə hakimi birmənalı günahlandırmaq fikrində olmasaq da, Menelaos Antoniunun meydan sahiblərinə rəğbəti aşkar hiss olunurdu. Əksər mübahisəli vəziyyətlərdə litvalıların xeyrinə qərar verən kiprli hakim rəqibin sərt oynadığı epizodlarda davam işarəsi verdiyi, bizimkilərin adi təmasında isə fitini səsləndirdiyi diqqətdən qaçmırdı.