AFFA Almaniyanın III liqasında çıxış edən "Proyssen” klubunun Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla bağlı xahişini geri çevirib.
"Report” "Bild”ə istinadən xəbər verir ki, Münster təmsilçisi 27 yaşlı hücumçunun "AVRO-2020"nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə oyunlar üçün Azərbaycan millisinə bir qədər gec qoşulmasını istəyib. Səbəb kimi isə sentyabrın 4-də Vestfaliya Kubokunda "Rödinqhauzen”lə matçda Dadaşova ehtiyac duyduqları göstərilib. Lakin milli assosiasiyadan müsbət cavab alınmayıb.
Bu barədə klubun idman direktoru Malte Metzelder məlumat verib: "Kubok oyununda iştirak etmək üçün Rüfətin gedişini yubatmağa ümid edirdik. Lakin AFFA razı olmadı və futbolçunun sentyabrın 1-də millinin düşərgəsinə qoşulmasını istədi. Təəssüf ki, Rüfət "Redinqhauzen"lə kubok oyununda bizə kömək edə bilməyəcək".
Dadaşov özü isə vəziyyəti bu cür şərh edib: "Əlbəttə, "Rödinqhauzen”lə matçda iştirak etmək istərdim. Ancaq Azərbaycandan zəng gələndə, Vətənə yollandmaq mənim üçün şərəfdi".
Qeyd edək ki, millimiz "AVRO-2020"nin seçmə mərhələsində sentyabrın 6-da Uels, 9-da isə Xorvatiya ilə qarşılaşacaq. "Proyssen” isə avqustun 31-də III liqanın VII turu çərçivəsində "Hanza”nın qonağı olacaq. Dadaşov oyundan dərhal sonra Bakıya yola düşəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol