
Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Sabah" - "Hapoel" (5:2) matçından sonra təmsilçimizin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
"Həqiqətən də çox möhtəşəm bir gecədir. Azarkeşlərə xüsusi təşəkkür edirəm, onların tribunalardakı enerjisi inanılmaz idi. Oyunçularım fantastik performans göstərdilər, onlar ilk dəqiqədən bu qələbəyə inanırdılar. 'Sabah' mənim işlədiyim ən yaxşı komandadır. Bəlkə də matçın gedişində ümidini itirən azarkeşlər oldu, lakin biz bunu bacardıq."
- "Sabah"ın mövcud heyəti Çempionlar Liqasının əsas (liqa) mərhələsinə hazırdırmı və püşkatmada xüsusi olaraq qarşılaşmaq istədiyiniz bir rəqib varmı?
"Mən heyətə yeni oyunçu qatsam, gərək iştirak ərizəsindən kimisə çıxaraq. Lakin buna ehtiyac olduğunu düşünmürəm, artıq əsas mərhələyə vəsiqə qazanmışıq. Püşkdə hansı komanda çıxsa, onlarla da oynayacağıq. Xüsusi bir rəqib istəyim yoxdur."
- Əsas heyətdə başlamasa da, son dəqiqədə vacib qol vuran Tellur Mütəllimov barədə ne düşünürsünüz? O, artıq komandanın xilaskarına çevrilib...
"Tellur karyerasını bitirəndə zaman-zaman necə əhəmiyyətli qollar vurduğunu fəxrlə xatırlayacaq. Onlar mənim üçün ən yaxşı oyunçulardır. Tellur eyni zamanda çox gözəl insandır. Bu gün əsas heyətdə başlamadı, lakin ehtiyac olan anda oyuna daxil olub öz qolunu vurdu. Mən onunla qürur duyuram."
- Matçın son saniyələrində gərginlik pik həddə idi və ümidini itirənlər var idi. Həmin kritik dəqiqələrdə sizin ağlınızdan nə keçirdi?
"Mən həmişə komandama inanmışam və güvənmişəm. Belə anlarda komandaya olan inam çox önəmlidir."
- Qarşıda sıx qrafik var, yeni transferlərə ehtiyacınız olduğunu düşünürsünüz?
"Tamamilə 'yox' demək istəmirəm, irəlidə proseslərin necə cərəyan edəcəyini görəcəyik. Bizi qarşıda 3 cəbhədə gərgin mübarizə gözləyir. Əgər ehtiyac yaransa, heyətimizi daha da gücləndirəcəyik."
- Oyunun talehi daha tez həll oluna bilərdi, lakin son dəqiqələrə qədər gərginlik sürdü. Gələcəkdə bu çatışmazlığın problem yaradacağını düşünürsünüz?
"Bu gün mən dünyada ən xoşbəxt baş məşqçiyəm! Başa düşün ki, biz artıq Çempionlar Liqasının liqa mərhələsindəyik. Oyunçuların xırda səhvləri və ya çıxışı bu gün bizi heç cür narahat etmir."
- Sizcə bu böyük uğuru qeyd etməyə dəyərmi?
"Bəli, 100 faiz! Bu gün bu tarixi zəfəri sonuna qədər qeyd edəcəyəm!"
Kamil Xudiyev