
Sentyabrın 29-dan oktyabrın 1-dək Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, ənənəvi reqatanın ilk günü ikinci dəfə Füzulidə – Köndələn su anbarında baş tutacaq.
Sentyabrın 29-da Füzulidə yarışların rəsmi açılış mərasimi keçiriləcək, kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər təşkil olunacaq. Həmçinin Füzuli sakinləri, xüsusilə uşaqlar və yeniyetmələr üçün müxtəlif şoular və əyləncəli viktorinalar keçiriləcək, həvəskar kayak qayıqlarında avarçəkmək imkanı yaradılacaq.
Növbəti iki gün reqata Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək.
“Mingəçevir Reqatası-2026”da 12 ölkədən – Azərbaycan, Çexiya Respublikası, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı mübarizə aparacaq.