Azərbaycan Ağır Atletika Federasiyanın "Facebook" səhifəsi maraqlı payıaşımla diqqət çəkib.
Fanat.Az xəbər verir ki, paylaşımda Azərbaycanın məşhur dirijoru və bəstəkarı Maestro Niyazinin gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olduğu qeyd olunub.
Məlumat verilir ki, Niyazi “Dinamo” cəmiyyətinin bu idman növü üzrə yarışlarında birinciliklər qazanıb.
16-18 yaşlarında yüngül çəki dərəcələrində Bakı və Azərbaycan çempionatlarına qatılıb, yüksək nailiyyətlər əldə edib. Sonradan konservatoriyaya daxil olan və əsasən musiqi ilə məşğul olan incəsənət xadimi idmandan ayrılmayıb.
Niyazi II Dünya Müharibəsindən sonra, 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri vəzifəsində çalışıb. Ona həmçinin Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bədən tərbiyəsi və İdman İdarəsi tərəfindən ağır atletika idman növü üzrə Respublika dərəcəli hakim adı da verilib. Uzun müddət bu postu tutan görkəmli musiqiçi bir çox idmançının yetişməsinə, onların İttifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib. Şəkillərdən biri 1929-cü ildə ağır atletika idmanı üzrə Ümumi Bakı ictimai yarışında iştirakı zamanı 2-ci yeri tutduğuna görə Bakı Bədən Tərbiyəsi Şurası tərəfindən Maestroya verilən diplomdur.
Emin